Hamının bildiyini demək: Mehman Hüseynov

Sloven filosof Slavoj Žižekin həmişə danışdığı lətifələrdən biri köhnə bir yəhudi lətifəsidir. Yəhudilər sinaqoqda görüşüb Tanrı qarşısında heçliklərini ictimai olaraq bəyan edirlər. Birinci, bir ravin ayağa qalxıb deyir: “Ulu tanrım, bilirəm ki, sənin qarşında bir heçliyəm, dəyərsizəm!” O qurtarandan sonra varlı bir biznesmen ayağa durur, sinəsinə vura-vura deyir: ” Uca tanrım, mən də bir heçnəyəm, var-dövlətə başı qarışmış bir heçnə!” Bu tamaşadan sonra adi kasıb bir yəhudi də ayağa qalxıb bəyan edir: “Tanrım, mən də heçnəyəm.” Bunu eşidən varlı biznesmen ravini dürtmələyib, qulağına pıçıldayır: “Ə, bu gədə kimdir özünü bizim kimi heçnə adlandırır!”

Žižekə görə bu özünütənqid əslində avtoritet qazanmanın bir yoludur. Yəni, özləri-özlərini tənqid edib alçaltmaqda insanların məqsədi çox vaxt başqa cürə qəbul edilməyəcək avtoritetə yiyələnməkdir. Mənə görə bu lətifədən alınacaq mesaj bir az fərqlidir. Azərbaycan jurnalizmində də vəziyyət lətifədəki kimidir. Hamının bildiyi, məmurların özlərinin belə haqqında danışdıqları həqiqətləri “kasıb yəhudilər”in danışması rəsmi orqanlarda böyük bir qəzəbə səbəb ola bilir. Bu, ingilislərin common sense dedikləri, bizim dildə ortaq düşüncə deyə biləcəyimiz şeyin üzərində ağalığın bir göstəricisidir: hamı bilir, rəsmilər hamının bildiyini bilir, hamı rəsmilərin bildiyini də bilir, amma rəsmilərdən başqa heç kəs bu şeyləri deyə bilməz. Hamının bildiyi şeyi kasıb bir yəhudinin deməsi niyə bu qədər təhlükəli gəlir rəsmilərə? Çünki bu akt ictimaiyyətlə rəsmilər arasındakı gizli paktı pozur. Pakt isə güc paktıdır: nəyin deyilə biləcək, nəyin deyilməyəcək, nəyin düşünüləcək, nəyin düşünülməyəcəyini təyin edən bir gücün sərhədlərini və əhatə dairəsini göstərən güc paktının. Bu fakt bizə xas bir şey də deyil: hər bir güc strukturunun “təbəələrinə” açdığı və açmadığı sahələr var, istər Şərqdə, istər Qərbdə. Təbəələr üçün mübarizə bu sahəni mümkün qədər açmaqdan, güc sahibləri üçünsə bağlamaqdan ibarətdir. Yenə də Žižekin dediyi kimi, hamının bildiyi, lakin deyilməməli olan şeyi demək, kompüter oyunlarında proqramçının proqramlamadığı əraziyə gedib, işlənməmiş detalları barmaqlamağa, məsələn, GTA-da girməli olmadığın bir binaya girməyə çalışmaq kimidir. Virtual dünyanın yaradıcısının mütləq gücünü sual etməkdir, yəni.

Bəzilərinin özlərini virtual dünyamızın yaradıcıları hiss etdikləri yerdə gizlilik paktını pozmaq əyləncəli və lazımlı bir şeydir. Yarımçıq proqramlanmış mühitimizin bacarıqsız proqramçılarının şeyi ilə oynayan Mehman Hüseynov kimi, biz də bu paktı pozmağa davam edəcək, akademiyanın idarə heyətində oturan piyli daydayların, universitetlərin başında duran alverçi rektorların, rüşvətxor müəllimlərinin şeyi ilə oynayacağıq, çünki ortaq düşüncəmiz bunu tələb edir, yəni, heç bir xüsusi bir ideologiyadan zaddan getmir burada söhbət, hamının bildiyi şeylərdən, gördüyü, yaşadığı şeylərdən danışırıq. Bir özünüz düşünün yoldaşlar, hamının bildiyi şeylərin çölə vurmasının qarşısını almağa çalışmaq bir az ümidsiz bir çalışma deyilmi? 150 kiloluq un heç 50 kiloluq un kisəsinə sığarmı?

Advertisements

Rəy bildir

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma